Qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün ciddi zəmin və imkanlar var

2019.04.17 16:47 (UTC+04:00)

"Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın "Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi"nə uyğun olaraq, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb. İşçi qrupun 3-5 aprel tarixlərində Bakıda keçirilmiş ilk iclasında iştirak edən Rusiya Federasiyasının Federal Vergi Xidmətinin nümayəndələri vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətləndirməyə nəzarət, vergi ödəyicilərinin qeydiyyatı, vergi ödəyicilərinə xidmət sahələrində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar. Müsahibimiz Rusiyanın Federal Vergi Xidmətinin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaçdır.

- Cənab Volvaç, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Təqdirəlayiq haldır ki, bu gün mövcud ikitərəfli əməkdaşlıq formatları ilə yanaşı, "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın "Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi"nə uyğun olaraq yaradılmış birgə işçi qrup artıq fəaliyyətə başlayıb. İşçi qrupun ilk iclası ərəfəsində ekspertlərin hazırlıq səviyyəsi, təcrübə mübadiləsi, hər iki ölkənin vergi orqanlarının son illərdə əldə etdikləri nailiyyətlərə göstərilən maraq əminliklə söyləməyə əsas verir ki, bu format ikitərəfli əməkdaşlıq baxımından çox faydalı olacaq.

Təbii ki, hər iki qurum arasında təcrübə mübadiləsi sahəsində müəyyən uğurlar əldə olunub və bu proses daim inkişaf edir. Zamanın tələbi ilə qarşımıza yeni vəzifələr çıxır, əməkdaşlıq üçün yeni istiqamətlər yaranır. Əgər bir qədər əvvəl biz qarşılıqlı surətdə asılı olan şəxslər arasında sövdələşmələr zamanı qiymətlərə nəzarətin tətbiqi sahəsində Rusiyanın təcrübəsindən əməkdaşlığın ən perspektiv istiqaməti kimi danışırdıqsa, artıq bu gün Federal Vergi Xidmətinin tətbiq etdiyi və Azərbaycanın tətbiqinə yeni başladığı onlayn kassalar və markalanmış malların dövriyyəsinə nəzarət məsələləri ön plana çıxır. Yəni vergi inzibatçılığı sahəsində mütəmadi olaraq yeni vəzifələrin meydana çıxması qarşılıqlı əməkdaşlığımıza marağın daim artacağını söyləməyə əsas verir.

Vergi orqanlarının son illərdə əldə etdikləri nailiyyətlərə göstərilən maraq əminliklə
söyləməyə əsas verir ki, bu format ikitərəfli əməkdaşlıq baxımından çox faydalı olacaq

Mən bir qədər əvvəl adını çəkdiyim işçi qrupun formatına da toxunmaq istərdim. Burada diqqəti çəkən əsas məqam nədir? İşçi qrupa tamamilə fərqli istiqamətlərdə çalışan mütəxəssislər daxildir. Qrupun tərkibində vergi nəzarəti blokuna daxil olan ekspertlər var ki, onların nəinki müsbət təcrübələrini paylaşması, həmçinin Rusiya və Azərbaycan ərazisində iqtisadi fəaliyyət aparan intizamsız vergi ödəyicilərinə münasibətdə eyni vaxtda vergi yoxlamalarının aparılması ilə bağlı layihələr həyata keçirilməsi də mümkündür.

- Hazırda işçi qrup konkret hansı istiqamətlərdə işləyir?

- İşçi qrup Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşünün nəticəsi olaraq yaradılıb. Həmin görüşdə olduqca konstruktiv fikir mübadiləsi aparılıb, cənab nazirə vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində Federal Vergi Xidmətinin əldə etdiyi nəticələr haqda məlumat verilib.

İşçi qrupun ilk iclasında çox geniş spektrdə məsələlər üzrə fikir mübadiləsi aparılıb, tərəflər hər iki ölkənin vergi orqanlarının rəqəmsallaşma sahəsində gördüyü işlər barədə təfsilatlı icmallarla tanış olublar. Bu zaman, ilk növbədə, rəqəmsal iqtisadiyyat, elektron qeydiyyat kimi məsələlər əhatə olunub. Vergi ilə bağı işlərin məhkəmələrdə mübahisələndirilməsi və baxılması sahəsində aparılan islahatlarla bağlı Federal Vergi Xidmətinin təcrübəsi də iclasda müzakirə edilib. Düşünürəm ki, Rusiyada vergi orqanlarının qərarlarından şikayətlərin sayının dəfələrlə azalması bu təcrübəyə diqqət ayrılmasını aktuallaşdırır. Azərbaycanlı həmkarlarımızın təcrübəmizlə maraqlanması da bunu bir daha təsdiq edib. Bundan başqa, işçi qrupun ilk iclasında vergi ödəyiciləri ilə işin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi aparılıb. Hər iki ölkədə bu məsələdə oxşar yanaşmalar olsa da, bir sıra məqamlar və özəlliklər var ki, onların tətbiqi hər iki tərəfə fayda verər, daha yaxşı nəticələrin əldə olunmasına yardım edər. Məncə, bu, doğru yanaşmadır və işçi qrup da məhz bu məqsədlə fəaliyyət göstərir.

Gündəlikdə olan digər məsələ vergi borclarının alınması ilə bağlı inzibati yardımların göstərilməsi sahəsində səmərəli qarşılıqlı əməkdaşlıq yollarının tapılmasıdır. Hazırda bu məsələdə müxtəlif yanaşmalar mövcuddur, bəlkə də normativ baza, o cümlədən beynəlxalq sənədlər kifayət qədər təkmil deyil. Lakin mütəxəssislərimiz problemin həlli yollarını tapmaq üçün ciddi fəaliyyət göstərirlər, bir dövlətin rezidentlərinin digər dövlətin büdcəsi qarşısında yaranan borclarının aradan qaldırılması üçün həllər axtarırlar. Bunun üçün mexanizmlər, beynəlxalq təcrübə var. Məhz bu təcrübəyə əsaslanaraq məsələni həll edəcəyik.

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında yalnız Azərbaycan və Rusiya
maliyyə hesabları üzrə informasiya mübadiləsinin qlobal sisteminə qoşulub

Sürətlə inkişaf edən qarşılıqlı əməkdaşlıqda faydalı ola biləcək və artıq böyük maraq doğuran digər məsələ qiymətlərə, ümumiyyətlə, transsərhəd əməliyyatlarına vergi nəzarəti sahəsində Federal Vergi Xidmətinin təcrübəsidir. Son bir neçə ildə ən səmərəli beynəlxalq təcrübələri Vergi Məcəlləmizə daxil edərək bu sahədə müəyyən təcrübə toplamışıq. Azərbaycanlı həmkarlarımız üçün də maraqlı olduğundan bu təcrübəni paylaşmağa hazırıq.

Qeyd edim ki, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında yalnız Azərbaycan və Rusiya maliyyə hesabları üzrə informasiya mübadiləsinin qlobal sisteminə qoşulub. Biz artıq məlumat mübadiləsinə başlamışıq və proses davam edir. Düşünürəm ki, burada da qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün ciddi zəmin və imkanlar var. Hətta MDB ölkələrindən olan digər həmkarlarımızla danışa bilərik ki, onlar da bu prosesə qoşulsunlar.

- Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar barədə fikrinizi bilmək istərdik...

- Ölkənizin vergi sistemində aparılan islahatlar məndə çox ciddi və pozitiv təəssürat yaratdı. Onu da qeyd edim ki, Azərbaycana səfər çərçivəsində həmkarlarımızla təkcə işçi qrup çərçivəsində ünsiyyətdə olmadıq, həm də "ASAN xidmət" mərkəzinə baş çəkdik. Anladığım qədər, Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sistemi BMT tərəfindən dünyada ən yaxşı dövlət xidmətlərindən biri kimi qiymətləndirilib. Burada belə xidmətlərin necə seçildiyini, informasiya sahəsində qarşılıqlı əməkdaşlığın necə təşkil olunduğunu, demək olar ki, tamamilə rəqəmsal formata keçirildiyini gördük. Mərkəzdə vətəndaşlar üçün yaradılmış şəraitlə, hər gün yüzlərlə insanın bu xidmətlərdən istifadə etməsini əks etdirən statistika ilə tanış olduq. Bu qədər insana xidmət göstərilməsinə baxmayaraq, növbədə yalnız bir neçə nəfərin gözləməsi burada işin peşəkar təşkilindən, əhalinin rahatlığı üçün yaradılmış şəraitdən xəbər verir. Hesab edirəm ki, belə məsələlərdə Azərbaycanın müsbət təcrübəsindən bəhrələnə bilərik...

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI