Özəlləşdirmə nəticəsində yeni iş yerləri yaradılacaq

2019.04.17 15:14 (UTC+04:00)

Regionlarda yerləşən qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmədən sonra istehsal proseslərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi diqqət mərkəzindədir.

Dövlət müəssisələrinin özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlərin davamı olaraq, "Sabunçu Elm- İstehsalat və Maşınqayırma" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticələri məlum olub. Təqdim olunan investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə "Ferrotex" MMC-ni qalib elan edib. Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 2,8 milyon manat məbləğində vəsaitin köçürülməsini öhdəsinə götürüb. İnvestisiya Proqramına əsasən, müəssisəyə bir il ərzində 10 milyon manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görüləcək işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Həmçinin, müəssisənin dövlət büdcəsi və DSMF-yə olan 2 milyon manata yaxın məbləğdə borclarının, 200 min manata yaxın məbləğdə əməkhaqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Təqdim olunan İnvestisiya Proqramına (Biznes-plan) əsasən, investor müəssisədə yeni istehsal sexinin tikintisini, soyutma sisteminin qurulmasını, idarəetmə mərkəzinin inşasını, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınmasını, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılmasını təmin etməlidir. Eyni zamanda, məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır.