Banqkokda Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okeanda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Kağızsız Ticarət Şurasının birinci sessiyası hibrid formatda keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Azərbaycan üzrə milli koordinatoru olan Vüsal Qasımlı da bu müzakirələrdə iştirak edib.
Asiya və Sakit Okean regionu ölkələrinin iştirak etdiyi sessiyada kağızsız ticarət üzrə ən yaxşı təcrübələrə sahib ölkələr öz təcrübələrini və bu sahədə keçirilən islahatlara dair məlumatları paylaşıblar.
Görüşdə Azərbaycanda ticarətin asanlaşdırılması sahəsində mövcud vəziyyət və irəliləyişlər, eyni zamanda, transsərhəd kağızsız ticarət sahəsində texniki və hüquqi hazırlığın qiymətləndirilməsinin nəticələri qeyd edilib. Azərbaycan son 6 il ərzində əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib və ölkənin ticarətin asanlaşdırılması üzrə ümumi göstəricisi UNESCAP-ın Transsərhəd Kağızsız Ticarətə dair hazırlığın qiymətləndirilməsi Hesabatının nəticələrinə əsasən göstərilən dövr ərzində 48,39 faizdən 86,02 faizə qədər yüksəlib.
Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə MDB ölkələri (Rusiya - 84,95 faiz, Gürcüstan - 82,8 faiz, İran - 77,42 faiz, Ermənistan - 62,37 faiz) və Mərkəzi Asiya ölkələri (SPECA) (Qazaxıstan - 72,04 faiz, Özbəkistan - 62,37 faiz, Qırğızıstan - 69,89 faiz) arasında lider mövqe qazanıb.