Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinin 1 yanvar 2022-ci ildə təsdiq edilmiş yeni redaksiyasına əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüquqlarına aiddir.
Bundan öncə, borclu vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və daşınar əmlakının satışı icra məmurları tərəfindən həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə səmərəli şəkildə ödənilməsi kimi qiymətləndirilmirdi. Buna görə də artıq məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergi ödəyicisinin əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları yox, vergi orqanı tərəfindən həyata keçiriləcək.
Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində qeyd edilir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququna aid edilib.
Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 23.1.15-1-ci maddəsində üç mühüm məqama diqqət yetirək.
Birinci, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə borcların alınması səlahiyyəti vergi orqanına verilib. Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergi ödəyicilərinə qarşı ümumi qaydada borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılmasının qəbul edilməməsinə rast gəlinirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində, siyahıya alınmalı əmlakı olmayan vergi ödəyiciləri üçün ümumi qaydada iddia ilə bağlı qərarlar çıxarılacaq.
İkinci, daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satış Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, həm Dövlət Vergi Xidməti, həm də Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ həyata keçiriləcək. Onu da deyək ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakını da Auksion Mərkəzi satacaq.
Üçüncü məqam isə budur ki, daşınan əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə, 5.000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçiriləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.