- Elman müəllim, Azərbaycanın əmək bazarı qiymətləndirilərkən hansı istiqamətlər önə çəkilir? Hazırda əmək bazarında hansı meyillər müşahidə olunur?
- Əmək bazarını təhlil edərkən diqqət yetirdiyimiz əsas istiqamətlərdən birincisi Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan ənənəvi əmək bazarıdır. İkinci önəmli istiqamət pandemiya nəticəsində və onun təsiri ilə formalaşmış əmək bazarıdır. Daha bir çağırış isə 4-cü Sənaye İnqilabıdır.
Əmək bazarında mövcud vəziyyətə gəlincə, bütün dünyada olduğu kimi, Azərbaycanda da işəgötürənlərin tələbləri ilə işaxtaranların imkanları arasında müəyyən uyğunsuzluqlar müşahidə olunmaqdadır. Əsas uyğunsuzluq işsiz və işaxtaranların bilik və bacarıqlarının müasir dövrün tələblərinə və konkret olaraq işəgötürənlərin tələblərinə tam uyğun olmamasıdır. Yəni bir tərəfdən işsizlər iş, digər tərəfdən işəgötürənlər işçi axtarırlar. Amma bunların arasında əsas uçurum bilik və bacarıqların müasir tələblərə uyğun gəlməməsidir. Çünki işsizlərin indiyə kimi aldıqları ixtisaslar, bacarıqlar, biliklər bu gün artıq ya köhnəlib, ya da günün tələblərinə cavab vermir. Müasir dünya tamamilə yeni biliklər tələb edir. Ən önəmli məsələ budur.
İkinci əsas məsələ təhsil, iqtisadiyyat və əmək bazarı arasındakı sinerjinin daha da güclənməsinin vacibliyidir. Yəni bu gün iqtisadiyyat təhsil qarşısında önəmli tələblər qoyur. Digər tərəfdənsə təhsilin də iqtisadiyyatdan gözləntiləri var. Təhsilə iqtisadiyyat öz tələbləri ilə bağlı daha dəqiq məlumat verməli, əlaqələr güclənməlidir. Təhsilin hazırladığı kadrlara iqtisadiyyatın sahib çıxması çox önəmlidir. Əmək bazarının və Dövlət Məşğulluq Agentliyinin ən başlıca vəzifəsi bu iki tərəf arasında körpü rolunu oynamaqdır. Bu körpünün iki dayağı var – bir tərəfdə işəgötürənlər, digər tərəfdə iş axtaranlar. Hər iki tərəf öz təlblərini nə qədər düzgün qoysalar, peşəkar olsalar, bu körpü o qədər möhkəm olacaq.
Əsas uyğunsuzluq işsiz və işaxtaranların bilik və bacarıqlarının
müasir dövrün tələblərinə və konkret olaraq işəgötürənlərin tələblərinə
tam uyğun olmamasıdır. Yəni bir tərəfdən işsizlər iş, digər tərəfdən
işəgötürənlər işçi axtarırlar. Amma bunların arasında əsas uçurum
bilik və bacarıqların müasir tələblərə uyğun gəlməməsidir.
- Əmək bazarında apardığınız təhlillər nə göstərir?
- 2021-ci ili təhlilləri göstərdi ki, işaxtaranlarla işəgötürənlərin arasında korelyasiya 60 faizə yaxındır. Yəni işaxtaranların 60 faizinin bilik və bacarıqları işəgötürənlərin tələb etdikləri bilik və bacarıqlarla müəyyən dərəcədə uyğunlaşır. Amma bu göstərici nisbidir. Məsələn, işəgötürənin bir işsizi işə götürməklə öz ehtiyacını tam ödədiyini söyləmək bir qədər çətindir. İşəgötürən işçilər arasında müqayisə apararaq daha yaxşını işə götürür, amma bununla onun tələbləri tam ödənilmir. Bu, çox önəmlidir – gələcəkdə istehsalın və xidmətin keyfiyyətinə öz təsirini göstərir. Çünki xidməti göstərən şəxs nə qədər peşəkar olarsa, xidmətin keyfiyyəti bir o qədər yüksək olar.
Hazırda əmək bazarında dinamizm nisbətən aşağıdır. Pandemiyadan irəli gələn durğunluq hökm sürür. Bütün dünyada belədir. İqtisadiyyatlar müəyən qədər gözləmə mövqeyindədir. İnvestorlar ehtiyatlı davranırlar. Bir tərəfdən də Rusiya-Ukrayna müharibəsi iqtisadiyyata təsir göstərir. Amma əmək bazarında dinamika yüksəldikcə buradakı uyğunsuzluqlar da getdikcə dərinləşəcək. Apardığımız təhlillər onu göstərir ki, mövcud korelyasiyanın getdikcə pozulması və Azərbaycan bazarında 60 faizdən 40 və ya 30 faizə enməsi ehtimalı var. Yəni dinamika nə qədər yüksək olarsa, investisiyalar gəldikcə, yeni texnologiyalar tətbiq olunduqca tələblər də getdikcə yüksələcək. Bir tərəfdən tələblər artacaq, inkişaf sürətlənəcək, digər tərəfdən isə işsizlər öz bilik və bacarıqlarını həmin sürətlə artıra bilməyəcəklər. Vəziyyət getdikcə dərinləşə bilər. Bu səbəbdən də risklərin yumşaldılması üçün tədbirlər müəyyən olunur və onların həyata keçirilməsi istiqamətində addımlar atılır.
- Təhsil və əmək bazarı arasında əlaqələri daha məqbul səviyyəyə çatdırmaq üçün hansı addımların atılmasına ehtiyac var?
- Təhsil ilə əmək bazarı arasında əlaqələr təzə formalaşmaqdadır. Konkret olaraq 2021-ci ilin sonundan bəri bu istiqamətdə ciddi addımlar atılır. Bunun inkişaf edəcəyini gözləyirəm. Xüsusilə təhsil və iqtisadiyyat arasında yaxınlaşmaya mütləq ehtiyacımız var. Dövlət Məşğulluq Agentliyi olaraq biz ayrı-ayrı universitetlərlə sıx əlaqələr qurmaqda maraqlıyıq. Tələbələrlə sıx əlaqələrin qurulması, onlarla görüşlərin təşkili və əmək bazarı ilə bağlı məlumatların verilməsi kimi iqtiqamətlərdə ali məktəblərdə görüşlər keçirilir və bu, davam edəcək. Təhsilin gələcəkdə əmək bazarında iştirak etməyə həm psixoloji, həm də elmi cəhətdən faktiki hazır olmasını istəyirik. İndiyədək mövcud olan sabit tendensiya sona çatmalıdır. Məsələn, ali məktəblərə qəbul planlarının dinamik dəyişməsinə ehtiyac var. Hər il buna köklü şəkildə yenidən baxılması zəruridir. Qəbul planlarının hər il eyni səviyyədə saxlanılması bir neçə ildən sonra əmək bazarının tələblərinə uyğun olmayan ixtisasların çoxluğuna gətirib çıxara, bunun nəticəsi olaraq ixtisaslı şəxslər əmək bazarından kənarda qala, əmək bazarında lazım olan yeni peşələr üzrə kadr qıtlığı yarana bilər. Bu səbəbdən təhsillə bağlı məsələlər daim diqqətdə saxlanmalıdır. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: Təhsil Nazirliyinin və digər qurumların bu sahədə gördükləri işləri ciddi şəkildə izləyirik. Görürük ki, təhsil sektoru da mövcud vəziyyəti dərindən araşdırır. Sadəcə olaraq, problemləri hər sektorun ayrı-ayrılıqda öz gücünə həll etməsindən daha çox birlikdə həll etməsinin daha böyük fayda verəcəyini düşünürük.
Təhsil bir neçə ildən sonra iqtisadiyyatlarda formalaşacaq vəziyyəti təhlil edərək
həmin vəziyyətin tələblərinə cavab verməlidir. Yəni məsələ təkcə keyfiyyətli kadr
hazırlamaqda deyil, iqtisadiyyata və əmək bazarına lazım olan kadrları hazırlamaqdadır.
- Ölkədəki təhsilin keyfiyyəti məşğulluğun artmasına dəstək verirmi?
- Bu, nisbi məsələdir. Buna müxtəlif istiqamətlərdən baxa bilərik. Təhsil özlüyündə keyfiyyətli ola bilər. Ancaq təhsilin müasir tələblərə və əmək bazarının çağırışlarına uyğunlaşa bilməsi daha önəmlidir. Təhsil bir neçə ildən sonra iqtisadiyyatlarda formalaşacaq vəziyyəti təhlil edərək həmin vəziyyətin tələblərinə cavab verməlidir. Yəni məsələ təkcə keyfiyyətli kadr hazırlamaqda deyil, iqtisadiyyata və əmək bazarına lazım olan kadrları hazırlamaqdadır. Təhsilin keyfiyyəti dedikdə həm də onun əmək bazarına uyğunlaşmasından söhbət gedir. Əgər bir ölkədə iqtisadiyyat zəifdirsə, orada güclü təhsil belə sonda ya zəifləyəcək, ya da savadlı kadrların “beyin köçü” baş verəcək. Təhsilin zəif olduğu ölkədə isə iqtisadiyyat güclüdürsə, ya iqtisadiyyat zəifləyəcək, ya da iqtisadiyyat öz gücünü saxlamaq üçün kənardan mütəxəssislər gətirməyə məcbur olacaq. Ona görə də bu gün iqtisadiyyatın və təhsilin birgə inkişaf perspektivləri yaxşı təhlil olunmalıdır. Bizim araşdırmalarımız cəmiyyətdə çoxlu yanlış fikirlər olduğunu göstərir. Bəzən deyirlər ki, Azərbaycanda ali təhsillilərin sayı çoxdur. Ancaq bu, düşündüyümüz kimi deyil, əhalinin cəmi 13-14%-i ali təhsillidir. Orta ixtisas təhsillilərin nisbəti isə 11% təşkil edir. Orta ixtisas təhsili olanların çoxu isə əmək bazarının tələbələrinə tam cavab vermir. Peşə hazırlığı çox aşağı səviyyədədir – 6% ətrafında qiymətləndirilir. Bu istiqamətdə dinamizmi təmin etmək üçün Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı kurslarının kəmiyyət və keyfiyyətinin artırılmasına önəm verir. Bunun üçün yeni mərkəzlərin açılması, orada kadrların hazırlıq keyfiyyətinin artırılması və peşə hazırlığı keçən şəxslərin əmək bazarında işlə təmin olunması, yaxud özünüməşğulluq proqramlarına cəlb olunması ilə bağlı konkret addımlar atılır. Təhsil sahəsində ən önəmli məsələ ömür boyu öyrənmə ekosisteminin formalaşdırılmasıdır...
- Əmək bazarının inkişafı və məşğulluq səviyyəsinin artması istiqamətində nələr gözlənilir?
- Əmək bazarında dinamizm və tələblər artacaq və onun inkişafı hər birimizdən, iqtisadiyyatın inkişafından asılıdır. Davamlı olaraq hər il əmək bazarına 100 minə yaxın insan daxil olur. Onlar üçün iş yerlərinin yaradılması, təhsilin yaradılan həmin iş yerlərinə düzgün ixtisaslı kadrlar hazırlaması vacibdir. Bizim Agentlik bu prosesləri tənzimləyən orqandır.
Yüksək texnologiyaların həyata nüfuz etməsi ilə müəyyən sahələrdə işsizliyin artması gözlənilir. Məsələn, dünyanın ticarət nəhənglərindən olan “Amazon” 2018-ci ildə kassirsiz mağazalar konseptini təqdim edib və bu, özünü doğruldur. Hesablamalara görə, bunun nəticəsində ABŞ-da 3 milyona yaxın kassir işsiz qala bilər. Bu şəkildə müxtəlif istiqamətlərdə texnologiyaların tətbiqi ilə işsizliyin artması ehtimalı var. Düşünürəm ki, gələcəkdə iqtisadiyyatın strukturu da bunlardan asılı olaraq dəyişəcək. İşsiz qalan şəxslərin təminatının dövlətlər üçün prioritet olacağı, köklü dəyişikliklərin ediləcəyi gözlənilir. Digər tərəfdən, ölkələr arasında iqtisadiyyatların qeyri-bərabər inkişafı davam edəcək. Ölkələr arasında əmək bazarında mobillik olacaq. Bizim də bu istiqamətdə təhlillərimiz davam edir. Düşünürəm ki, ölkəmizdə əmək bazarına diqqət daha da artacaq.
Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZI