Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.
Pandemiya zamanı onlayn ticarətin həcminin xeyli artdığını söyləyən R.Qaraşov xidmətlərin göstərilməsi zamanı bir sıra pozuntuların qeydə alındığını da nəzərə çatdırıb.
O əlavə edib ki, hazırda Dövlət Xidməti rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı ayrıca araşdırma aparır, bu sahədəki beynəlxalq təcrübəni tədqiq edir.
Xidmət rəsmisinin sözlərinə görə, məhz müasir dövrün tələbləri prizmasından yanaşaraq, istehlakçı hüquqları ilə bağlı qanunvericiliyə, xüsusilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna yenidən baxmaq zəruridir. Bu nəzərə alınaraq, hazırda “Elektron ticarət haqqında” qanunun tələblərinin digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində iş aparılır. Bu il ərzində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında” qanunlara, eləcə də istehlakçı hüquqlarına dair digər normativ sənədlərə əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan layihə paketinin hazırlanması nəzərdə tutulur. Layihədə məhz elektron ticarət zamanı baş verən pozuntuların aradan qaldırılmasına xüsusi diqqət yetirilib: “Məsələn, indi istehlakçılar onlayn qaydada mal alarkən çoxsaylı səhifədən ibarət müqavilə imzalayırlar. Amma real vəziyyət budur ki, onlayn ticarət zamanı məhsulun dəyəri qarşı tərəfə əvvəlcədən ödənilir, istehlakçı sifarişini təhvil alarkən müqaviləni tam oxumadan ona formal olaraq qol çəkir. İstehlakçıya əvvəlcədən ya e-meyllər vasitəsilə məhsul barəsində məlumatlar göndərilməli, ya da bu məlumatlar şirkətin öz saytında yerləşdirilməli və alıcı sayta daxil olaraq, şərtlərlə əvvəlcədən tanış olmalıdır”.
R.Qaraşovun sözlərinə görə, bu gün qüsurlu mallar, xidmətlərlə bağlı müraciətlər çox daxil olur: “Qanunvericilikdə yaratdığı hüquqi nəticələr baxımından hansı məhsulların qüsurlu, hansılarının mühüm qüsurlu olması ilə bağlı bir fərq qoyulmayıb. Telefon üzərində kiçik bir cızıq olduqda da, tamamilə istifadəyə yarasız olduqda da qüsurlu sayılır. Bu səbəbdən belə normalara yenidən baxmaq zərurəti yaranıb”.