İqtisadiyyat Nazirliyində mentorluq proqramı keçirilir

2022.04.26 17:14 (UTC+04:00)

İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişafı proqramı çərçivəsində müsabiqə qalibləri üçün mentorluq proqramına start verilib. Məqsəd nazirliyin yüksək təcrübə, idarəetmə və liderlik bacarıqlarına malik, uğurlu fəaliyyətə sahib yüksək vəzifəli rəhbər şəxslər tərəfindən əməkdaşların peşəkar və şəxsi inkişafına dəstək göstərilməsi, idarəçilərin yetişdirilməsinə töhfə verilməsidir.

Proqramda mentor olaraq İqtisadiyyat Nazirliyinin və qurumlarının yüksək idarəçi rəhbərləri iştirak edirlər. Mentorların müsabiqə qalibləri ilə 1 il müddətində görüşlər keçirməsi, əməkdaşlıq, layihələrdə iştirak, təcrübələrini bölüşdürülməsi, iştirakçıların potensialını üzə çıxarmaqla onların peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, mentorluq proqramında 2021-ci ildə ilk müsabiqəsi keçirilən “Uğur yolu” karyera inkişafı proqramının qalibləri olan İqtisadiyyat Nazirliyinin 22 əməkdaşı iştirak edir. Mentorluq proqramı ilə yanaşı, qaliblər müxtəlif təlimlər, kouçinq sessiyalarının da daxil olduğu inkişaf proqramına cəlb ediliblər.