- Aydın müəllim, Azərbaycanda inflyasiyanın qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Öncə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin yürütdüyü düzgün iqtisadi siyasət sayəsində Azərbaycan pandemiyanın ağır mənfi təsirlərini arxada qoyub, Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq ölkəmizdə bütün sahələrdə uğurlu addımlar atılıb. Xüsusilə ölkənin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin edir. 2022-ci ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımızda artım 10 faizdən çox olub. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, qeyri-neft sənaye istehsalında isə bu göstərici 18 faizdən çoxdur. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız postpandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub. Hazırda müsbət təmayüllərlə yanaşı, inflyasiyanın artması da müşahidə edilir ki, bu, təkcə Azərbaycanın üzləşdiyi hal deyil. Bu bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin dayanmadan artmasından qaynaqlanan prosesdir. Bütün ölkələrdə hər ay istehlak qiymətləri indeksi artır. Hazırda inflyasiyanın yüksəlməsinin əsas səbəbi, təxminən 60 faizi idxalla bağlıdır, yəni xaricdən Azərbaycana gətirilən mal və xidmətlərin bahalaşmasının nəticəsidr. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son məlumatda qeyd edilir ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki illin eyni dövrü ilə müqayisədə 33,6% yüksəlib. Yəni qiymət indeksi 1990-cı ildən bəri yeni tarixi rekorda yüksəlib. Bitki yağları, taxıl və ət alt indekslərindəki son artım bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxılın qiymət indeksi mart ayında 17,1 faiz artaraq 170,1 bənd təşkil edib ki, bu da 1990-cı ildən bəri ən yüksək göstəricidir. Bitki yağı mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekord vurub. Bundan başqa, südün, ətin, şəkərin də qiymət indeksləri artıb. Azərbaycan həmin malların, həmçinin yerli istehsalda tələb olunan xammalların bir qismini xaricdən idxal etdiyindən bunlar, sözsüz ki, qiymətlərin artımına səbəb olur. Bu ilin ilk üç ayında inflyasiya 12,5 faiz təşkil etsə də, əhalinin gəlirləri 20 faiz artıb: real gəlirlər inflyasiyanı üstələyib.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar
siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə
məzənnəsinin 2022-ci ildə sabit qalacağını deməyə əsas verir
- Dünya Bankının proqnozlarına görə, Azərbaycanda bu il üçün 9 faiz səviyyəsində gözlənilən illik inflyasiya yalnız 2024-cü ildə 6 faizə enəcək. İnflyasiyanın davam etməsi iqtisadiyyatımız üçün hansı problemlər yarada bilər?
- Hökumət üçün antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və bu, hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumlarının qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu məqsədlə əsas hədəflərdən biri yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır.
Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. Bu məqsədlə süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini gücləndirib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən respublikanın 68 şəhər və rayonunda unun satışına, çörəyin çəkisinə və qiymətinə nəzarət üçün gündəlik monitorinq aparılır. Bu tədbirlər nəticəsində süni qiymət artımlarının qarşısı alınacaq və ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahına müsbət təsirləri təmin ediləcək.
- Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,911 milyard manat təşkil edərək yeni tarixi rekorda çatıb. Geniş pul kütləsinin artımı hansı iqtisadi dəyişikliklərə səbəb ola bilər? Bu artım inflyasiyanın artmasına şərait yarada bilərmi?
- Məlumdur ki, iqtisadiyyatda pul kütləsi artdıqca biznes müəssisələrinin maliyyə əldə etmək imkanı asanlaşır, iqtisadiyyatın böyümə meyilləri güclənir. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər. Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür. Ölkəmizdə ÜDM daha çox artır və pul kütləsi əlavə dəyərin artım dinamikasını üstələyir. Bütövlükdə, son illər monetar şəraitin yumşaq saxlanılması çərçivəsində pul kütləsinin artımı makroiqtisadi sabitlik hədəflərinə xələl gətirmədən iqtisadiyyatın pula tələbinin ödənilməsinə və iqtisadi aktivliyin dəstəklənməsinə yönəldilib. Onu da qeyd edək ki, hazırda yürüdülən monetar siyasətin məcmu tələbə və inflyasiyaya bir sıra təsir kanalları var. Birinci təsir kanalı aktivlərin, o cümlədən səhm və əmlakın qiymətidir ki, bu kanaldan Azərbaycanda məhdud istifadə olunur. İkinci təsir kanalı kreditlər, o cümlədən bank kreditləri və şirkətlərin balansıdır. Həmçinin faiz dərəcəsi və mübadilə məzənnəsi də monetar siyasətin təsir kanalları sayılır. Aktivlərin qiyməti monetar kanal kimi daha dərin maliyyə bazarlarının mövcudluğu şəraitində istifadə olunur və buna görə də inkişaf etməkdə olan ölkələr, eləcə də Azərbaycan üçün bu, o qədər də təsirli monetar alət sayılmır. Bu səbəbdən Azərbaycan kimi kiçik, açıq və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə faiz dərəcəsi və məzənnə daha təsirli monetar alət sayılır.
Onu da qeyd edim ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin 2022-ci ildə sabit qalacağını deməyə əsas verir. Bu baxımdan, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün
kifayət qədər nəzarət resurslarına malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla
etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır.
Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq
- Dünya bazarında neftin qiymətinin yüksək olması Azərbaycanın valyuta gəlirlərinin artmasında necə əks olunur?
- 2022-ci ilin birinci rübündə maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. İlin ilk rübündən dövlət büdcəsinin mədaxili 7 milyard manat təşkli edib ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,2 milyard manat və ya 22,2 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 530 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və ya 2,2 milyard manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,2 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 236 milyon manat və ya 23,7 faiz çoxdur. 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 688 milyon manat proqnoza qarşı 5 milyard 629 milyon manat və ya 99 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur. Büdcədə cari və əsaslı xərclərin maliyyələşdirilməsi tam şəkildə icra edilib. Sosialyönümlü xərclər 2 milyrad 774 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur. Beləliklə, büdcədə 1,4 milyard manata yaxın büdcə artıqlığı (profisit) yaranıb. Yəni büdcə-maliyyə imkanlarımız artır. Həmin vəsaitlər isə ilk növbədə sosial sahələrə əlavə dəstək tədbirlərinə yönəldilir. Hazırda dövlət əhalinin sosial müdafiəsinə xüsusi diqqət yetirir və zəruri ehtiyaclar yaranacağı halda büdcədə sosial xərclərin artırılması mümkündür.
- Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, “Azeri light” markalı neftin bir barelinin orta qiyməti iki dəfə çox – təxminən 102 dollar olub. Bu amil nəzərə alınaraq, dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxıla bilərmi?
- Sözsüz ki, neftin bahalaşması neft gəlirlərinin də artmasına səbəb olur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib. Həmin dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat olub. Beləliklə, qeyd edilən dövrdə ARDNF-nin 2022-ci il büdcəsinin Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45 faiz səviyyəsində icra edilib. 2022-ci il martın 31-nə Fondun aktivləri ilin əvvəlinə (45 milyard 025,1 milyon ABŞ dolları) nisbətən 0,53 % artaraq 45 milyard 264 milyon ABŞ dolları təşkil edib. Məlumdur ki, büdcə gəlirləri əhəmiyyətli şəkildə artarsa, büdcəyə yenidən baxıla bilər. Azərbaycanda bu təcrübə var: indiyədək bir necə dəfə büdcənin gəlirləri artıqca büdcənin gəlir və xərclərinə yenidən baxılıb. Hesab edirəm ki, bu il də büdcəyə yenidən baxılması mümkündür.
Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA