Dövlət Vergi Xidmətinin rəisi Filippinin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

2022.04.25 15:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Filippinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena P.Algabre ilə görüşüb.

Görüşdə qarşılıqlı münasibətlərin inkişafının vacibliyi vurğulanıb, bu ilin mart ayında Azərbaycanla Filippin arasında diplomatik münasibətlərin 30 ilinin tamam olduğu qeyd edilib.

Söhbət zamanı bildirilib ki, vergi sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrin vergi administrasiyaları ilə əməkdaşlığın genişləndirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, mütərəqqi təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi Dövlət Vergi Xidmətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. O.Nəzərli DVX-nin xüsusilə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsində Filippin təcrübəsi ilə yaxından maraqlandığını diqqətə çatdırıb, bu sahədə məlumat mübadiləsinin zəruriliyini qeyd edib.

Görüşdə həmçinin iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması sahəsində müvafiq Sazişin imzalanması imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb.

Maria Elena P.Algabre ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb, ikiqat vergitutmanın aradan qaldırılması və rəqəmsal vergi inzibatçılığı sahəsində əməkdaşlıq imkanları ilə bağlı qaldırılan məsələlərin araşdırılacağını və müvafiq işlərin görüləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.