ABŞ administrasiyası BVF və Dünya Bankını islahatlar aparmağa çağırıb

2022.04.25 14:32 (UTC+04:00)

Amerika administrasiyası Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) islahatların aparılmasının tərəfdarı olduğunu bildirib. ABŞ-ın maliyyə naziri Canet Yellen və Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dulip Sinqh Vaşinqtonda BVF və DB-nin rəhbər orqanlarının yaz sessiyasında bu barədə mövqe bildiriblər.

"Bizim bu qurumlara ehtiyacımız var və onlar çox mühüm işlər görməkdə davam edirlər. Bununla belə, onların bu gün qarşılaşdıqları çağırışlar var ki, onlar bu çağırışlara cavab vermək barədə düşünməyiblər", - ABŞ maliyyə naziri mətbuat konfransında deyib. O qeyd edib ki, məsələn, BVF "pandemiya kimi qlobal çağırışlarla" və ya iqlim dəyişikliyi ilə məşğul olmaq üçün yaradılmayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini vəzifəsini də icra edən D.Sinqh onlayn seminarda C.Yellenlə tam razı olduğunu, həmçinin BVF və DB-də islahatların aparılmasını zəruri hesab etdiyini bildirib. “Əslində, Dünya Bankının missiyası və biznes modeli çoxdan yenilənməli idi”, – Ağ Evin təmsilçisi bildirib. O, DB-ni ən yüksək dərəcəli AAA kreditqabiliyyətlilik reytinqindən “fetiş yaratmaqda” da ittiham edib.