Sumqayıt Kimya Sənaye Parkının rezidenti Avropa ölkələrinə məhsul ixracına başlayıb

2022.04.22 15:02 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtgü yağları və radiator mayesinin ixracına başlayıb. Şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.