“Dünya bazarında baş verən proseslər nəticəsində inkişaf etmiş ölkələrdə ərzaq məhsullarının qıtlığı müşahidə edilsə də, Azərbaycanın istehlak bazarında qıtlıq qeydə alınmayıb”.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, hazırda dünya bazarında baş verənlər daha çox idxal edilən məhsulların xərcinin və bir sıra ərzaq məhsullarının qiymətlərinin artımında özünü göstərir. Azərbaycanın istehlak bazarında isə tarazlıq qorunub saxlanılır və preventiv tədbirlər daxili bazarda qıtlığın yaranmasının qarşısını alır.
Deputat əlavə edib ki, qıtlığın yaranmaması üçün dövlət tərəfindən addımların atılması bundan sonra da davam etdiriləcək: “Dövlət dünya bazarında baş verənlərin Azərbaycanın istehlak bazarına təsirini minimallaşdırmaq üçün preventiv tədbirlər həyata keçirir. Əslində bu addımlar Rusiya-Ukrayna müharibəsindən də əvvəl həyata keçirilirdi. Belə ki, bu ilin yanvar ayında Azərbaycan buğda idxalını 4 dəfədən çox artırıb. Bu da, təbii ki, strateji ərzaq ehtiyatlarının həcminin artırılması ilə bağlıdır. Amma onu da nəzərə alaq ki, idxal inflyasiyası da qaçılmazdır. Bu amil Azərbaycanda da qiymətlərin artmasına gətirib çıxarır”.
V.Bayramov Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək bildirib ki, bu ilin ilk 3 ayında qiymətlər 12 faizdən çox artıb. Bu da birbaşa xaricdəki qiymət artımları ilə bağlıdır.
Deputat qeyd edib ki, Azərbaycanda ixracatı tənzimlənən məhsulların qeyri-neft sektoru üzrə ümumi ixracatdakı ötən ilki payı 3,4 faiz (84 milyon dollara yaxın) olub. Bu isə ondan xəbər verir ki, bu tənzimlənmənin tətbiqi Azərbaycanın ümumi ixracatına xüsusi təsir göstərməsə də, daxili bazarda tarazlığın qorunub saxlanılması baxımından vacib əhəmiyyət kəsb edir.
V.Bayramov deyib ki, idxaldan asılılığın azaldılması, ərzaq qıtlığının qarşısının alınması üçün yerli istehsalın stimullaşdırılmasından ötəri yeni mexanizmlərin tətbiqinə başlanılıb. Bu mexanizmlər sahibkarların güzəştli kreditlərə çıxış imkanlarını artırıb.
Buna baxmayaraq, V.Bayramov hesab edir ki, yerli istehsal daha çox dəstəklənməlidir. Bu baxımdan subsidiyalaşma mexanizminin genişləndirilməsinə, yeni təşviq alətlərinin istifadə edilməsinə, subsidiyanın baza məbləğinin artırılmasına ehtiyac var: “Belə bir qərarın verilməsi xüsusilə aqrar sektorda çalışanların daha çox subsidiya alması və əkin həyata keçirməsinə imkan verər. Bununla yanaşı, müvəqqəti olaraq, idxalda bəzi rüsumların tənzimlənməsi və xərclərin optimallaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi də lazımdır. Bu, idxal edilən məhsulların qiymətinin azalmasına gətirib çıxara bilər”.