Vergi ödəyicilərinin qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatının təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi nəticəsində Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, biznesə başlamaq istəyənlərin artım tempində özünü daha qabarıq göstərir.
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, ötən ilin ilk rübündə 20 min 343 hüquqi və fiziki şəxs qeydiyyata alınmışdısa, bu ilin ilk üç ayında həmin göstərici 25 min 536-ya çatıb. Həm hüquqi, həm də fiziki şəxslər üzrə artım tendensiyası müşahidə olunub. Ötən illə müqayisədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayında 8,1 faiz, fiziki şəxslərdə isə 28 faiz artım qeydə alınıb.
Bildirilib ki, bu ilin əvvəlindən tətbiqinə başlanmış "Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" nəticəsində elektron qeydiyyat sahəsində daha çox irəliləyiş baş verib. Ötən il onlayn rejimdə elektron qeydiyyat 68,9 faiz olduğu halda, bu ilin ilk rübündə həmin göstərici 81,3 faizə yüksəlib ki, bu da 11,3 faiz artım deməkdir. Ümumilikdə isə 2019-cu il aprelin 1-i tarixinə Azərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 993 min 38-ə çatıb. Bunun da 128 min 261-i hüquqi şəxslərin, 864 min 777-si isə fiziki şəxslərin payına düşür.
Elxan SALAHOV