Kölgədən aydın sabaha doğru...

2022.04.22 10:17 (UTC+04:00)

Vergilər dövlət gəlirlərinin əsas mənbəyi və bütövlükdə iqtisadiyyatın mühüm göstəricisidir. Vergi inzibatçılığının düzgün təşkili vergi daxilolmalarının çoxalmasına və nəticədə iqtisadi artıma əhəmiyyətli təsir edir.

Ölkəmizdə dayanıqlı iqtisadi artıma keçid hazırda əsas hədəflərdəndir. 2030-cu ilədək Azərbaycanda sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə qeyd edilir ki, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir. Bu məqsədlərə çatmaq üçün mövcud vəziyyətə nəzər salanda nikbin proqnoz vermək olar.

İqtisadi yüksəlişə aparan vergi sistemi

Şəffaflıqdan başlayan yolda vergi sistemində hədəflərə nail olmaq üçün mühüm addımlar atılıb və səmərəli təşəbbüslər həyata keçirilib - sahibkarlarla işə yeni yanaşmalar, vergiödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlər, vergi sistemindən məmnunluğun artırılması tədbirləri və s.

Vergi xidməti sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır. İqtisadi artımın bərpası, qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika, biznesin fəaliyyətində şəffaflaşma prosesinin davam etməsi şəraitində dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına əhəmiyyətli təsir edib, pandemiyanın davam etməsinə baxmayaraq, ötən ilin yekunlarına görə proqnozlarda nəzərdə tutulandan daha çox vəsaitin dövlət büdcəsinə daxil olmasına imkan verib. 2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8.5 milyard manat təşkil edib. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6 faiz, əvvəlki illə müqayisədə 15,5 faiz çox olub. Cəmi vergi daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildə 32,3 faiz təşkil edib. Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən (29,9 faiz) 2,4 faiz çoxdur.

Ötən ilin yekunları üzrə əldə edilmiş müsbət nəticələri Prezident İlham Əliyev də öz çıxışında vurğulamışdı: “...İqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini həyata keçiririk...". Cari ildə də bu tendensiya davam edir və 2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8 faiz səviyyəsində icra olunub.

Bu ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 35 milyon 266,4 min manat olub. Bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən artıqlaması ilə icra olunub.

Vergi islahatlarının qeyri–neft sektorunun inkişafında rolu

Həyata keçirilən vergi islahatları ölkəmiz üçün mühüm istiqamətlərdən olan qeyri–neft sektorunun inkişafına əhəmiyyətli təkan verir. Biznesin şəffaflaşması, iş yerlərinin rəsmiləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və vergidən yayınma hallarının azaldılması qeyri-neft sektorundan vergi daxilolmalarının yüksək artım dinamikası ilə müşayiət edilir.

2021-ci ildə qeyri-neft vergi daxilolmaları 6,4 milyard manat təşkil edib. Proqnozdan artıq yığılan vəsait 689 milyon manat, əvvəlki illə müqayisədə 754,1 milyon manat çox olub. 2021-ci ildə özəl sektordan daxilolmalar 24 faiz, özəl qeyri-neft sektorundan daxilolmalar isə 20,3 faiz artıb.

2022-ci ilin ilk rübündə isə qeyri-neft sektoru üzrə daxilolmalar 48,9 faiz artaraq 2 milyard 249 milyon 381,3 min manat təşkil edib və proqnoz 128,6 faiz yerinə yetirilib. Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmalarından könüllü ödəmələrin xüsusi çəkisi 90 faizə yaxındır. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı olmasına imkan verir. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb edilən dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin bariz nümunəsidir. Bütün bunlar isə iqtisadi inkişafın mühüm amilidir.

Dövlət–özəl münasibətlərində yeni səhifə

Azərbaycanın vergi sistemi, demək olar ki, ən yaxşı xarici təcrübəni tətbiq edir. Yerli mətbuata, ekspertlərin qənaətinə və ümumi ictimai rəyə əsaslanaraq qeyd etmək lazımdır ki, bu sistemi dəyişdirmək üçün daha radikal addımlara ehtiyac yoxdur. Biznes ictimaiyyəti mütəmadi olaraq investorları stimullaşdıracaq yeni vergi güzəştlərindən yararlanır, vergiödəyiciləri üçün ədalətli rəqabət şəraiti yaranır və onların təklifləri qanunvericilik səviyyəsində nəzərə alınır, tədricən dövlət-özəl və dövlət–biznes münasibətlərinə yeni yanaşma formalaşır. Vergiödəyicisi kimi, vergi orqanı da məsuliyyət daşıyır və işinə daha tələbkar yanaşır. Lakin vergi sistemi bununla kifayətlənməyərək daim təkmilləşir.

“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş forumda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, ortamüddətli dövr üçün vergi sisteminin qanunvericilik və inzibatçılıq baxımından təkmilləşdirilməsi həyata keçiriləcək. Vergi siyasəti iqtisadi və investisiya fəallığını dəstəkləyəcək, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasını təkidlə izləyəcək, daha çox yerli istehsalın yaradılması, bu sahəyə vergi təşviqlərinin verilməsi, məşğulluğun təmin edilməsi, yeni kapitalların yaranması, investisiya alətlərində vergi optimallaşdırılması və s. kimi mühüm həlqələri əhatə edəcəkdir.

Görünən odur ki, biz məhz birlikdə işıqlı, aydın və şəffaf iqtisadi fəaliyyətlə, fiskal nizam-intizamla qarşıya qoyulan hədəflərə çatacağıq. Çünki bundan hər bir vətəndaş, bütövlükdə müstəqil Azərbaycan dövləti faydalanacaq. İqtisadiyyatı güclü, büdcə imkanları geniş olan dövlət və cəmiyyət bunu təhsilin keyfiyyətində də, yolların rahatlığında da, elektrik enerjisinin fasiləsiz təminatında da, qüdrətli orduda da, cəmiyyətin firavan və azad yaşamasında da, öz gəlirlərinin artımında da görür.

İndi cəmiyyətimiz həmrəyliyə daha çox meyillidir. Qüdrətli dövlət naminə hər birimiz vergiləri vaxtlı-vaxtında ödəməliyik...

AZƏRTAC