ABŞ-da indiyədək 102 milyon dollar dəyərində kriptoaktiv müsadirə edilib

2022.04.21 15:23 (UTC+04:00)

ABŞ Məxfi Xidməti (Daxili Təhlükəsizlik Nazirliyinə tabedir) yüksək vəzifəli dövlət məmurlarını mühafizə etməklə yanaşı, maliyyə və kibercinayətkarlığa qarşı mübarizə ilə də məşğul olur. Xidmətin 2015-ci ildən bəri həyata keçirdiyi 254 əməliyyat nəticəsində cinayətkarlardan ümumi məbləği 102 milyon dollar təşkil edən aktivlər müsadirə edilib.

Xidmətin direktor müavini CNBC televiziya kanalına verdiyi müsahibədə deyib: “Araşdırdığımız hər hansı rəqəmsal pul kisəsi adi elektron poçt ünvanından kəskin şəkildə fərqlənmir. Kimsə bu pul kisəsi üzərindən tranzaksiya həyata keçirəndə həmin əməliyyat blokçeynə düşür və onu blokçeyndə izləməklə bizim həmin pul kisəsini və ya elektron ünvanı əldə etmək imkanımız var”.

ABŞ Məxfi Xidməti tərəfindən müsadirə edilmiş kriptoaktivlər cinayətkarların internetdə ya kriptovalyuta şəklində, ya da adi pul şəklində oğurladıqları və sonradan kriptovalyutaya çevirdikləri vəsaitlərdir. Oğurlanmış vəsaitlərin kriptovalyuta vasitəsilə “ağardılması” ilə əlaqədar irimiqyaslı cinayət hadisələrindən biri Rumıniya ərazisindən ABŞ vətəndaşlarına kütləvi hücum formasında olub. Cinayətkarlar saxta saytlar və onlayn hərrac üzərindən bahalı malların satışını təşkil edərək 900-ə yaxın insanı aldadıb, ələ keçirdikləri vəsaiti isə ktiptovalyutaya çeviriblər.

ABŞ Məxfi Xidməti bu epizod üzrə təhqiqatı Rumıniya milli polisi ilə əməkdaşlıq əsasında aparıb.