Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Şadam ki, Siz mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmisiniz. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzdə mən Sizi Azərbaycana səfərə dəvət etdim. Şadam ki, qısa vaxtdan sonra, - heç 6 ay keçməmiş, - Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik. Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik.
Beynəlxalq sahəyə gəlincə, deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.
Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək.
Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır.
Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.
Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.
Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.
Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətdə olublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.
Mən Qırğızıstan Prezidentinə dəvətimi qəbul edib, bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov bəyanatla çıxış edib.
Prezident Sadır Japarovun
bəyanatı
-Sağ olun, hörmətli İlham Heydər oğlu.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.
İlk növbədə, icazə verin, səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adından dərin minnətdarlığımı bildirim. Çox rəmzi haldır ki, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərim qardaş ölkələrimiz arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçir.
Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı.
Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik.
Bunu qeyd etməyə şadam ki, xalqlarımız fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə qarşılıqlı surətdə zənginləşir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Məlum olduğu kimi, ölkələrimiz BMT, Türk Dövlətləri Təşkilatı, MDB, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayır. Qırğızıstan öz tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.
Hörmətli xanımlar və cənablar, bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir.
Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.
Diqqətinizə görə təşəkkür edirəm.