3 mindən çox sahibkar və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

2022.04.20 12:18 (UTC+04:00)

Bu ilin birinci rübündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 3 mindən çox mikro, kiçik və orta sahibkarlıq subyektinə, eləcə də biznesə başlamaq istəyən şəxslərə bilik və bacarıqlarının artırılması məqsədilə təlim və məsləhət xidmətləri göstərilib.

Agentliyin ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən 2500-dən çox sahibkarın, biznesə başlamaq istəyən şəxsin və startapın iştirakı ilə 200-dən artıq ödənişsiz biznes təlim təşkil olunub. Təlimlər biznesin planlaşdırılması və inkişafı, “yaşıl iqtisadiyyat”, korporativ hüquq, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib.

KOBİM-lər tərəfindən bu dövrdə 600-ə yaxın sahibkara biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidmətləri göstərilib. 2022-ci ilin birinci rübündə KOBİM-lər Bakı şəhəri və regionları əhatə edəcək 90-a yaxın layihə üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək olub.

Bu dövrdə Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 24 sahibkar və menecer müsahibədən uğurla keçərək beynəlxalq ixtisasartırma kursuna qatılıb. Ümumilikdə isə 2009-2022-ci illərdə 500-ə yaxın sahibkar və menecer proqramdan yararlanıb.

KOB subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların onlayn qaydada biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün KOBİA tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı 600-ü ötüb. KOB subyektləri və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının videotəlim platforması bölməsində qeydiyyatdan keçməklə ödənişsiz olaraq biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətlərində 180 təlim videosundan faydalanıb.