Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramına maraq yüksəkdir

2022.04.19 16:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı ilə bağlı ali təhsil müəssisələrində məlumatlandırıcı görüşləri davam etdirir. Növbəti görüşlər Bakıda yerləşən ali təhsil müəssisələrində keçirilib. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Karyera Günləri” çərçivəsində tələbələrlə görüşüblər.

Görüşlərdə iştirak edən Dövlət Vergi Xidmətinin və Tədris Mərkəzinin rəhbər vəzifəli şəxsləri Yay Təcrübə Proqramının üstünlükləri, proqrama qatılmaq istəyən namizədlər üçün qoyulan tələblər, seçim mərhələləri ilə bağlı tələbələri məlumatlandırıblar. Qeyd olunub ki, Təcrübə Proqramı tələbələrin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların gələcək karyera inkişafında faydalı platforma rolunu oynayacaq. Proqram gənclərə işin praktiki tərəfləri ilə tanış olmaq, yetərincə təcrübə toplamaq, gələcəkdə vergi orqanlarında çalışmaq üçün imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

Bildirilib ki, Yay Təcrübə Proqramı tələbələrin nəzəri biliklərini də artırmağı nəzərdə tutur. Onlar üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi, təlimlər və seminarlar təşkil olunacaq. Layihədə iştirak edən tələbələr 2 ay ərzində həm nəzəri, həm də praktiki fəaliyyətə cəlb olunacaqlar. Proqram tələbələrin peşəkar kadr kimi formalaşdırılmasına mühüm dəstək, həmçinin gələcək məşğulluq məsələlərinə töhfə verəcək.

Görüşlərdə iştirak edən tələbələrin Proqramda iştirak şərtləri, müraciət forması, seçim prosesi barədə çoxsaylı sualları cavablandırılıb, onlara maarifləndirici materiallar paylanılıb.

Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı barədə aşağıdakı link vasitəsilə ətraflı məlumat əldə etmək olar:

https://www.taxes.gov.az/az/post/1828