Yüksələn enerji qiymətləri neft və qaz satışından əldə olunan gəlirlərdə artım ilə nəticələnib

2022.04.19 15:00 (UTC+04:00)

Cari ilin ilk rübündəki qlobal makroiqtisadi və geosiyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər, eləcə də postpandemiya və geosiyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırkı qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da Dövlət Neft Fondunun investisiya portfelinə təsirsiz ötüşməyib.

Dövlət Neft Fondundan bildirilib ki, yüksələn enerji qiymətləri neft və qaz satışından əldə olunan gəlirlərdə artım ilə nəticələnib. Bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.