Dəyişikliklər investorlar üçün daha səmərəli iqtisadi mühit yaradacaq

2022.04.18 17:22 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsi məqsədilə işçi qaydada görüş keçirilib.

Komitə sədri Tahir Mirkişili yeni qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edildiyini, deputatlar tərəfindən bəzi təkliflərin olduğunu və bu istiqamətdə işlərin aparıldığını qeyd edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi üçün deputatlar tərəfindən irəli sürülən təkliflərin diqqətlə təhlil olunduğunu qeyd edib.

Sonra müzakirə olunan mövzu üzrə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Aydın Hüseynov və Vüqar Bayramov, AZPROMO rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ediləcək dəyişikliklərin yeni qanun layihəsini investorlar üçün daha səmərəli iqtisadi mühit yaratması imkanlarının artıracağı əminliyi ifadə olunmuş və bir çox təkliflərin layihədə öz əksini tapması qərara gəlinib.