Sosial sığorta hadisəsi hansı hallarda yaranır?

2022.04.22 15:47 (UTC+04:00)

Hər bir sığorta kimi sosial sığorta üzrə sığorta ödəməsi verilməsi üçün sığorta hadisəsi baş verməlidir. Bu sığorta növü üzrə: pensiya yaşına çatmaq; əlilliyin müəyyən edilməsi; ailə başçısını itirmək; əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq; ölüm; sanatoriya-kurort müalicəsi zərurəti kimi sığorta hadisələri mövcuddur.
Həmin hallardan, yəni sosial sığorta hadisənin növündən asılı olaraq ödənişlər fərqlidir. Bu ödəmələri aşağıdakı qrafikdə görə bilərik:

Sosial sığorta üzrə ödəmələrin növləri:

Ödəmələr:

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları

Əmək pensiyaları haqqında qanunla tənzimlənir. Aşağıdakı növləri var:

  • yaşa görə əmək pensiyası: sığorta hissəsindən və yığım hissəsindən ibarətdir;
  • əlilliyə görə əmək pensiyası: sığorta hissəsindən və yığım hissəsindən ibarətdir;
  • ailə başçısını itirməyə görə əmək pensiyası: sığorta hadisəsindən ibarətdir.

Könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı könüllü (əlavə) sosial sığortanı bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş bütün ödəmələr üzrə, özəl sosial sığorta təşkilatları isə dövlət pensiyalarından başqa bütün digər ödəmələr üzrə həyata keçirə bilər.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Hamiləliyə və doğuma görə müavinət

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət

Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-cu il tarixli Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən uşağın anadan olmasına görə müavinət 300 manat məbləğində müəyyənləşdirilib

Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət

3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda; uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli 3712 nömrəli Sərəncamına əsasən qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci ilin martın 1-dən:

bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

Dəfn üçün müavinət

2022-ci il yanvarın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekbar 2021-ci il tarixli Fərmana əsasən müavinət 350 manat məbləğində müəyyənləşdirilib.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Bəs bu sığorta üzrə qanunvericilikdə nəzərdə tutulan qaydalara əməl edilmədikdə şirkəti hansı cərimələr gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

1. Bu maddədə “az miqdar” dedikdə, 50.000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.