Cari ilin 3 ayı ərzində 19 hərrac keçirilib

2022.04.14 17:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin 3 ayı ərzində 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 122 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 42 onlayn qoşulma reallaşıb. Cari ilin ilk rübü ərzində hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı istismara verilib.

Bu dövrdə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.

2022-ci ilin ilk rübü ərzində özəlləşmədən dövlət büdcəsinə daxilolmalar 8,8 milyon manata yaxın olub.

Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübü ərzində ümumilikdə 653 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 226-sı qeyri-yaşayış sahələri üzrə, 427-si isə torpaq sahələrinə aiddir. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 424 və ya 2,8 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk rübü ərzində dövlət büdcəsinə 6.4 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən dövlət büdcəsinə ümumilikdə 15,2 milyon manata yaxın vəsait ödənilib.