Dünya Bankının rəhbəri dollardan imtina dövrünün yetişdiyi fikrində deyil

2022.04.14 13:18 (UTC+04:00)

Hazırda beynəlxalq ictimaiyyət Amerika dollarından imtina və Bretton-Vud sisteminə analoq olan yeni maliyyə sisteminin yaranması dövrünə daxil olmur. Dünya Bankının (DB) prezidenti Devid Mellas Varşava iqtisadiyyat məktəbindəki çıxışında bu fikri səsləndirib. Onun sözlərinə görə, hazırkı “dünya maliyyə sistemi baxımından kifayət qədər yaxşı işləyir”.

D.Melpas aktual problemlər arasında yoxsul ölkələrin borclarının yüksək səviyyədə olduğunu qeyd edib.

Qeyd edək ki, 1944-cü ilin yayında ABŞ-ın təşəbbüsü ilə BMT-nin valyuta-maliyyə konfransı təşkil olunub. Konfrans iyulun 1-dən 22-dək Bretton-Vud şəhərində (ABŞ-ın Nyu-Germşir ştatında) 44 ölkəni (o cümlədən SSRİ-ni) təmsil edən 730 nümayəndənin iştirakı ilə keçirilib. Həmin konfransın yekununda valyuta mübadiləsi kurslarının yaradılmasının prinsipləri, eləcə də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi institutların yaradılması barədə razılıq əldə olunub.

Bretton-Vud sistemi beynəlxalq ödəmə vasitəsi və hesablaşma vahidi kimi qızılı qəbul edib və iki ehtiyat valyutanı – ABŞ dollarını və İngiltərə funt-sterlinqini tətbiq edib. Bununla belə, dollar dünyanın əsas ehtiyat valyutasına çevrilib ki, bu da onun sabitliyi ilə izah edilib. Nəticədə dollar qızıla konvertasiya edilə bilən valyuta kimi beynəlxalq hesablaşmaların, valyuta müdaxilələrinin və ehtiyat aktivlərin baza vasitəsinə çevrilib. 1971-ci il avqustun 15-də ABŞ prezidenti Riçard Nikson dolların qızıla konvertasiyasını qadağan edib. Bu addımın atılması faktiki olaraq Bretton-Vud valyuta sisteminin fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb.