Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisəsinin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların qatıldığı görüşdə MDU-nun rektoru Şahin Bayramov, Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov çıxış ediblər.
Şahin Bayramov ölkənin dayanıqlı inkişafında verginin rolundan bəhs edib. Son illərdə vergi sahəsində idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirlərinin həyata keçirildiyini bildirən Ş.Bayramov ölkəmizdə vergi orqanlarında fəaliyyət göstərən mütəxəssislərin qarşısında qoyulan tələblərin əhəmiyyətli dərəcədə artdığını deyib. Əmək bazarının müasir tələblərinə uyğun səviyyədə kadr hazırlığının həyata keçirilməsinin ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifələrdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə universitetdə görülən işləri diqqətə çatdırıb və Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını müsbət dəyərləndirib. Proqramın tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, karyera inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov bu təşəbbüsdən MDU-nun da faydalana bilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Proqrama verilən dəstəyə görə, MDU rəhbərliyinə təşəkkür edən Xidmətin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova təcrübə proqramının məqsədləri və hədəfləri barədə ətraflı məlumat verib, əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında seçilmiş tələbələrin Yay Təcrübə Proqramından yararlana biləcəyini qeyd edib. Bildirilib ki, tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb etmək məqsədi daşıyan proqram 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz təşkil edilir. Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar.
Layihənin paytaxtla yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələrini də əhatə etdiyini vurğulayan Xidmətin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov proqramın rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından önəmini qeyd edib. MDU-da tədrisin məzmununun inkişafı sahəsində atılan addımları yüksək qiymətləndirən M.Kazımov əməkdaşlığın bu istiqamətdə görülən işlərə əhəmiyyətli töhfə verəcəyinə inandığını söyləyib. Diqqətə çatdırılıb ki, Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla cari ilin iyulun 1-dən sentyabrın 2-dək davam edəcək. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə Şamaxı rayonunda yerləşən turizm məkanlarına səfər, intellektual oyun və yarışların keçirilməsi, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq. Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Sonra çıxış edən Xidmətin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov və İnsan Resursları Baş İdarəsinin şöbə müdiri Kamran Məmişov proqramda iştirak etmək üçün sənəd qəbulu barədə ətraflı məlumat veriblər və tələbələrin layihədə fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər. Sonra universitetlə qarşılıqlı faydalı əməkdaşlığın potensial istiqamətləri və önəmi ilə bağlı fikirlər səsləndirilib. Ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivinin üzvləri tərəfindən böyük maraqla qarşılanan tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Məlumat verilib ki, tədbirdən əvvəl keçirilən görüşdə MDU ilə Dövlət Vergi Xidməti arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət qurumları və sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.