Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığını və qlobal proqramların icrasına töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Hər 3 hesabatın hazırlanması istiqamətində BMT ilə səmərəli əməkdaşlıq edilib, təşkilattərəfindən ekspert səviyyəsində dəstək göstərilib. Növbəti hesabatın isə 2023 və ya 2024-cü illərdə təqdim edilməsi planlaşdırılır. Vurğulanıb ki, dövlət başçısının Sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri təsdiq edilib və qarşıdakı onillikdə ölkənin sosial, iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyən edilib ki, bu prioritetlərin icrası da DİM-ə nail olunmasında xüsusi önəm kəsb edir. Milli Prioritetlərdə müəyyən olunmuş 5 istiqamət üzrə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanıb və yaxın müddət ərzində təsdiqi gözlənilir. Ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsi DİM-ə birbaşa və dolayı olaraq müsbət təsir göstərib. qeyri-neft ixracı isə indiyədək ən yüksək tarixi nəticəyə çatıb.
Postpandemiya dövründə isə Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir.
İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva Çərçivə Sənədinin icrası üzrə BMT-nin müxtəlif qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, təşkilatın işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.
İclasda nəticə qruplarının rəhbərləri Çərçivə Sənədinin 2021-ci il üzrə yekunları və 2022-ci il üçün prioritetləri barədə təqdimatla çıxış ediblər.
Tədbirdə qarşıdakı dövrdə ölkəmizin strateji hədəfləri barədə fikir mübadiləsi aparılıb, birgə iş planları müzakirə olunaraq təsdiq edilib.