Cari ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər v ə tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artıb. 2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,3 faiz, bazar və yarmarkalarda 1,1 faiz artıb, fərdi sahibkarlar üzrə isə 1,3 faiz azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 365,1 manatlıq, o cümlədən 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,9 manatlıq qeyri-ərzaq malları alıb.