Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.
Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.
İclasda çıxış edən Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına göstərilən dəstəyin göstəricisidir. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması baxımından KOB evlərinin fəaliyyətinin önəmini diqqətə çatdıran Niyazi Səfərov bu sahədə dövlət qurumlarının birgə fəaliyyətinin önəmini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evinin fəaliyyət göstərdiyini və burada indiyədək sahibkarlara 88 mindən çox xidmətin göstərildiyini bildirib. Qeyd olunub ki, KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99% təşkil edir. Yevlax və Xaçmaz KOB evlərinin təcrübəsi sahibkarlar üçün KOB evlərinin vacib platforma olduğunu deməyə əsas verir. Yaxın tarixdə “Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur və hazırda son tamamlama işləri aparılır. “Bakı KOB evi”ndə 130-a yaxın xidmət masasında sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada həmçinin, startaplar üçün mərkəz, mediasiya mərkəzi və KOB inkişaf mərkəzi fəaliyyət göstərəcəkdir.
İclasda KOB evlərinin fəaliyyəti, “Bakı KOB evi”nin yaradılması və burada dövlət qurumlarının fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.