Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.
Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciətin edildiyi tarixdən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.
Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə aparılır və vergi hesabatı təqdim olunarkən tərtib edilən akt vergi orqanına verilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 186-1-ci maddəsi