Avropa İttifaqının Azərbaycana dəstəyi artır

2022.04.08 18:02 (UTC+04:00)

Azərbaycanın ümumi ticarət dövriyyəsində Aİ-nin payı 36,7 faiz, Gürcüstanın ümumi ticarət dövriyyəsində 23,9 faiz, Ermənistanın ümumi ticarət dövriyyəsində isə 18 faiz təşkil edir. Aİ pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6 milyard, Gürcüstanda 1,2 milyard, Ermənistanda isə 1 milyard avro sərmayə qoyub.

Bölgədə, eləcə də dünyada formalaşan yeni reallıq fonunda Aİ-nin Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.

Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum Aİ-dir. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün bərqərar olacağına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərir ki, bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin intensivləşməsinə şərait yaradır. Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Aİ dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla son illər öz təsir dairəsini genişləndirməkdədir.

Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın genişlənməsinə önəm verib. Etiraf etmək lazımdır ki, Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidentinin yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayır. Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir.