Dünya Bankının regional direktoru ilə müzakirələr aparılıb

2022.04.07 13:39 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Bankla rəqəmsal inkişaf, özəl sektorun diaqnostikası, idarəetmə texnologiyaları, innovasiyalar və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və müasir texnoloji yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən olunmuş strateji istiqamətlər üzrə 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiya hazırlanıb. Yeni inkişaf strategiyası dövlət sektorunun yeni keyfiyyətə transformasiyasını, ekosistemin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, özəl sektorun, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılmasını nəzərdə tutur.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Bankın Azərbaycanla səmərəli əməkdaşlığını diqqətə çatdırıb, ölkəmizdə aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları qeyd edib.

Tərəflər Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri, Bankın növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri, birgə layihələrin icrası, enerji səmərəliliyi, “yaşıl enerji” və s. kimi məsələlər barədə müzakirələr aparıblar.