ABŞ bəzi Çin məhsullarının vergidən azad olunmasının müddətini uzadıb

2022.04.06 13:53 (UTC+04:00)

ABŞ hökuməti Çindən ixrac olunan 352 adda məhsul üçün gömrük vergisinin tətbiq olunmaması ilə bağı qərara yenidən baxıb. ABŞ Ticarət Nümayəndəliyi (USTR) sabiq prezident Donald Tramp zamanında tətbiq olunan vergilərdən azad edilmiş bəzi məhsullar üçün istisna halının müddətini uzadıb.

USTR-dən verilən açıqlamada Çindən idxal edilən 549 məhsul siyahısındakı 352 məhsul üçün vergilərin ləğv olunduğu bildirilib. Açıqlamada 2021-ci il sentyabrın 12-dən tətbiq olunan qaydanın 31 dekabr 2022-ci ilə qədər davam edəcəyi bildirilib.

Gömrük tariflərindən azad edilən məhsullar arasında elektrik motorları, avtomobillərin bəzi ehtiyat hissələri, kimyəvi maddələr və digər istehlak malları var.

Qeyd edək ki, Donlad Trampın vaxtında rəsmi Pekinin rəqabətə zidd olan sənaye təşviq siyasətləri səbəb göstərilərək Çindən idxal edilən texnologiya məhsullarına əlavə gömrük vergisinin tətbiqi barədə qərar verilmişdi. Çinin analoji cavab tədbirlərinə əl atması isə beynəlxalq ictimaiyyət tərəfindən “ticarət müharibəsi” kimi qiymətləndirilmişdi.