Beynəlxalq yükdaşıma ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

2022.04.06 10:11 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Beynəlxalq yükdaşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 16-cı, 101-ci, 71-1-ci, 218.4.1-ci maddələri