İtaliya bu il Azərbaycandan təbii qaz idxalını 9,5 milyard kubmetrə çatdıracaq

2022.04.05 14:46 (UTC+04:00)

İtaliya cari ildə Azərbaycandan təbii qaz tədarükünü 9,5 milyard kubmetrə çatdıracaq.

Bu sözləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano deyib.

“Bu yaxınlarda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionu müşayiət etdiyim Qafqaza səfərimiz bizə çox mühüm nəticə əldə etməyə imkan verdi: “2022-ci ildə Azərbaycandan təbii qaz tədarükünün 9,5 milyard kubmetrə çatdırılması gözlənilir. Məqsədimiz tez bir zamanda Rusiya təbii qazından asılılığı azaltmaqdır. Çünki enerji təhlükəsizliyimiz və iqtisadi sistemimizin işləməsi tək bir ölkədən bu qədər asılı ola bilməz”, - deyə Manlio Di Stefano qeyd edib.

Xatırladaq ki, mart ayının ortalarında Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz TAP boru kəməri ilə Avropaya daxil olub. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 30 milyon kubmetrədək qaz nəql olunur.

İtaliya 2021-ci ildə TAP boru kəməri ilə 7 milyard kubmetr Azərbaycan təbii qazı idxal edib. Hazırda TAP boru kəmərinin genişləndirilməsi müzakirə edilir.