İran hökuməti vergi islahatlarına başlayır

2019.04.15 13:43 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsinin məruzəsinə əsasən, İran hökuməti öz gəlir bazasını ümumi daxili məhsulun 7 faizindən 10 faizinə qaldırmaq üçün bir sıra vergi islahatları aparmağı planlaşdırıb. BVF-nin açıqlamasında bildirilib ki, İran vergi bazasını genişləndirməli, inzibatçılığı təkmilləşdirməli, eləcə də aksiz vergilərinin əhatə dairəsini artırmalı və bu verginin dərəcəsini qaldırmalıdır. BVF-nin mövqeyinə görə, əlavə dəyər vergisinin qaldırılması 2018-2019-cu il üzrə korporativ vergi güzəştlərinin tətbiqi, eləcə də fərdi gəlirlərdən tutulan verginin dərəcəsinin azaldılması sayəsində itirilmiş gəlirlərin kompensasiya edilməsinə şərait yaradacaq. BVF-nin məruzəsində deyilir ki, İran öz vergi orqanını yenidən təşkil etməli və vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə ciddi əməl olunması səviyyəsinin yüksəldilməsi məqsədilə risklərin idarə edilməsi bölməsini yaratmalıdır.