Natalya Badanina: Əczaçılıq məhsullarının ixrac imkanlarının genişləndirilməsi planlaşdırılır

2022.04.01 15:14 (UTC+04:00)

“Sosial əhəmiyyətli xəstəliklərin terapiyasına yönəlmiş dərmanların Azərbaycanda istehsal olunması məqsədilə bir sıra xarici şirkətlərlə danışıqlar aparılır”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin direktoru və “R-Pharm” zavodunun baş direktoru Natalya Badanina deyib.

Onun sözlərinə görə, xarici əczaçılıq şirkətlərinin preparatlarının istehsalının Azərbaycanda lokalizasiyası ölkəmizdə yaşayan xəstələr üçün innovativ dərmanlarla müalicəni daha əlçatan edəcək, eyni zamanda uzunmüddətli perspektivdə bu dərmanların qiymətlərinin ucuzlaşmasına şərait yaradacaq. Bu səbəbdən zavod onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus dərmanları kimi preparatların istehsalının təşkili ilə bağlı danışıqlar aparır.

N.Badanina qeyd edib ki, hazırda zavodda istehsal edilən dərman preparatları yalnız yerli bazarın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Lakin müəssisənin ixrac imkanlarının genişləndirilməsi planlaşdırılır.

"R-Pharm" Şirkətlər Qrupunun əczaçılıq kompleksi bu günə kimi Azərbaycanda şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan təxminən 500 min qutu Diabeton® MR (qliklazid) preparatı istehsal edib. 2021-ci ilin yayında “R-Pharm” MMC və Beynəlxalq müstəqil əczaçılıq qrupu “Servier” Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün preparatların lokalizasiyası sahəsində tərəfdaşlığın genişləndirildiyini elan edib. Tərəflər “R-Pharm” zavodunda Diabeton® MR (qliklazid) preparatının istehsalının lokalizasiyası, həmçinin ölkədə bu məhsulun kommersiyalaşdırılması üçün nəzərdə tutan müvafiq saziş imzalayıblar. Beşillik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu dərman vasitəsi istehsal edəcək.

Hazırda zavodda istehsal edilən dərman preparatları yalnız yerli bazarın ehtiyaclarını
ödəmək üçün nəzərdə tutulub. Lakin müəssisənin ixrac
imkanlarının genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya-Azərbaycan birgə müəssisəsi olan “R-Pharm" MMC 2018-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 9 dekabr 2019-cu il tarixində Pirallahı Sənaye Parkında “Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun istehsal zavodunun açılış mərasimi keçirilib. Bakıdakı "R-Pharm" əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş istehsalat zonasının sahəsi 4,6 hektardır, istehsal gücü ildə 250 milyondan çox məhsul vahidi təşkil edir.