Ödəniş tapşırığında hansı məlumatlar göstərilməlidir?

2022.04.02 11:18 (UTC+04:00)

Vergi Məcəlləsinin 16.11-ci maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

- bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi,

- təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

Bəs təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara görə ödəniş tapşırığı tərtib edildikdə təyinatda yalnız müqavilə nömrəsi və tarixini qeyd etmək kifayət edirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 16.11-ci və 71-1.5-ci maddələri