Daha 6 faydalı qazıntı yatağı hərraca çıxarılır

2022.03.31 18:04 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən mayın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Qaradağda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələdə yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/36IPOZd) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/3JYaBGr) tanış olmaq olar.