Aprelin 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, hərraca çıxarılan notun həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 84 gündür. Notlar iyunun 24-də ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.