Türkiyə hökuməti kiçik və orta müəssisələrin müəyyənləşdirilməsi üçün tətbiq olunan meyarlarda dəyişiklik edib. Bu dəyişiklikdən sonra daha çox sayda müəssisə kiçik və orta biznes kimi tanınacaq. Sənaye və texnologiya naziri Mustafa Varank yeni tənzimlənmənin məqsədinin “daha çox müəssisəyə dəstək vermək” olduğunu deyib. Bu dəyişikliklə əlaqədar daha 2 min 44 müəssisə kiçik və orta biznes təsnifatına aid ediləcək və onlar dövlətin verdiyi vergi güzəştlərindən, təşviqlərdən faydalana biləcəklər.
Dəyişikliyə görə, işçilərinin sayı 250-dək, illik xalis satış həcmi isə 250 milyon lirəyədək olan müəssisələr kiçik və orta müəssisələr sinfinə aid ediləcək. Bundan əvvəl satış həcminin həddi 125 milyon lirə idi.
İşçilərinin sayı 10-dək olan mikro sahibkarlıq müəssisələri üçün illik xalis satış həcmi 3 milyon lirədən 5 milyon lirəyə, işçilərinin sayı 50-dək olan kiçik müəssisələr üçünsə xalis satış limiti 25 milyon lirədən 50 milyon lirəyə qaldırılıb.
Dəyişiklikdən sonra Türkiyədə kiçik və orta müəssisələrin sayı 3 milyon 427 min 891-ə çatıb.