Sahibkarlığın inkişafına dair əməkdaşlıq imkanları müzakirə edilib

2022.03.30 15:50 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondunun (SİF) əməkdaşları Qazaxıstana işgüzar səfər edib.

Fonddan bildirilib ki, səfər çərçivəsində Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu ASC-nin nümayəndələri ilə görüşlər keçirilib, tərəflərin birgə əməkdaşlığını ehtiva edən “Yol xəritəsi”nin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb. SİF-in əməkdaşları sahibkarlıq subyektlərinin iqtisadiyyatdakı rolunu gücləndirmək və maliyyə vəsaitlərindən effektiv istifadəni təmin etmək məqsədilə Fond tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, “DAMU” təcrübəsində tətbiq olunan güzəştli kredit, zəmanət və subsidiya mexanizmlərinin şərtləri ilə tanış olub, o cümlədən təşkilatın risklərin idarəedilməsi, rəqəmsallaşma və korporativ idarəetmə siyasətləri barədə məlumatlandırılıb.

Qeyd edək ki, “DAMU” ilə SİF arasında 2019-cu ilin oktyabr ayında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, sahibkarlığın təşviqi və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Yol xəritəsi” hazırlanıb və hazırda icrası davam etdirilir.