“Əvvəllər Azərbaycana idxal edilən tütün məmulatlarının demək olar ki, əksəriyyəti artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində yerli şəraitdə istehsal edilir və bunun hesabına da tütün məmulatlarının ölkəyə idxal səviyyəsi minimuma endirilib”.
Bunu “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Elman Cavanşir deyib.
Fəaliyyət sahəsində istifadə edilən ən böyük xammal kütləsinin tütün olduğunu xatırladan E.Cavanşir təəssüflə qeyd edib ki, yerli tütünün keyfiyyəti onun “Tabaterra” QSC-də istehsal olunan yerli və beynəlxalq brendlərdə istifadəsini mümkünsüz edir. Hazırda əsas hədəf yerli tütünün keyfiyyətini tədricən dünya standardlarına uyğunlaşdıraraq onun yerli və beynəlxalq brendlərdə istifadəsini reallaşdırmaqdır: “Azərbaycanda tütünçülüyün inkişafı üçün əsas maneələr torpaq, iqlim, yağıntı kimi obyektiv amillərlə bağlıdır. Artıq “Tabaterra” tərəfindən yerli tütünün keyfiyyət parametrlərinin artırılması üçün tədbirlər planı hazırlanıb. Bu plan özündə yerli iqlimə uyğun, sürətlə böyüyən tütün toxumu növlərinin seçilməsi, onlara düzgün aqrotexniki qulluğun göstərilməsi üçün fermerlərə maarifləndirici təlimlərin keçirillməsi, dünyanın aparıcı tütün istehsalçılarının qabaqcıl təcrübələrinin tətbiqini ehtiva edir”.
E.Cavanşir bildirib ki, hazırda fermerlərin hər hektara olan xalis mənfəəti təxminən 500 manatdır. Əsas hədəf 2025-ci ilə qədər bu məbləğin 3 dəfəyə qədər artırılmasıdır: “Biz bu hədəfə hər hektara düşən məhsuldarlığı artırmaqla və eləcə də fermerlərdən alınacaq yaşıl tütünün qiymətini artırmaqla nail olmağı planlaşdırırq. Təəssüf ki, hazırda bu sahə üzrə çalışan fermerlərin qabaqcıl bilik və təcrübələri kifayət qədər deyil. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımız olan BAT, JTİ və İTG kimi şirkətlərin dəstəyi ilə fermerlərin təlimə cəlb olunaraq bu sahənin sirlərinin onlara aşılanmasını, dünyanın ən böyük istehsalçılarının qabaqcıl bilik və təcrübələrinin onlarla paylaşılmasını təmin etməyi planlaşdırırıq”.
Qeyd edək ki, “Tabaterra” QSC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq fəaliyyətə başlayıb. Müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət göstərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqaret təşkil edir. Hazırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco İnternational” və “İmperial Tobacco” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunur.