Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb

2022.03.29 12:40 (UTC+04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 248,8 milyon dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 156,5 milyon dollar həcmində mal idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,5 faiz çoxdur.

Gürcüstandan Azərbaycana isə 92,3 milyon dollar həcmində mal ixrac olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub. Bu da Gürcüstanın xarici ticarətinin 7,9 faizini təşkil edib.