Avropa İttifaqı ölkələri karbon vergisinin tətbiqi ilə bağlı razılığa gəliblər

2022.03.30 13:30 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizə məqsədi daşıyan karbon vergisinin tətbiqi ilə bağlı razılığa gəliblər.

E.Makronun öz "Teleqram" kanalında verdiyi məlumatda vurğulanıb ki, bu verginin tətbiqi Aİ-yə Fransa sədarətinin prioriteti idi. Qeyd edək ki, Fransa dövləti bu il yanvarın 1-dən yarım il müddətinə Aİ sədrliyini yerinə yetirir.

Onun sözlərinə görə, karbon vergisi ətraf mühitin qorunması ilə bağlı Avropa normativlərinə əməl etməyən ölkələrin Aİ ərazisinə gətirdiyi mallara tətbiq olunacaq.

Fransa prezidenti qeyd edib ki, bu addımı atmaqda əsas məqsəd istehsalçıları ekoloji baxımdan daha təmiz istehsalat siklinə yönəltməkdir.