Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?

2022.04.01 10:27 (UTC+04:00)

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcələninin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.

Misal 1: Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi 2021-ci ilin 4-cü rübü üzrə vergi hesabatını 20 yanvar 2022-ci ildən gec olmayaraq təqdim etməlidir. Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq hüzn günü olduğu üçün qeyri-iş günüdür. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf etdikdə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirildiyindən artıq vergi ödəyicisi bəyannaməni 2022-ci ildə verir.

Misal 2: Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Vergi ödəyicisi 2022-ci ilin fevral ayı üzrə bəyannaməni 20 martdan gec olmayaraq təqdim etməli olsa da, 20-24 mart 2021-ci il Novruz bayramına, həmçinin, bəzi bayram günləri şənbə və bazar gününə təsadüf etdiyi üçün vergi ödəyicisi növbəti hesabatı 28 mart 2021-ci il tarixdən gec olmayaraq təqdim etməlidir.