Aİİ internet mağazalarının gətirdiyi rüsumsuz malların limitini artırıb

2022.03.28 14:05 (UTC+04:00)

Avrasiya İqtisadi Komissiyası Şurası poçt və ya karqo vasitəsilə rüsumsuz gətirilən mallar üçün müəyyənləşdirilmiş limiti artırıb. Bundan sonra fiziki şəxslər öz istifadələri üçün internet mağazalarından 1.000 avroya (1880 manata) qədər dəyərdə malı xaricdən rüsum ödəmədən gətirə biləcəklər.

Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkinanın sözlərinə görə, bu, 2022-ci il oktyabrın 1-dək davam edəcək müvəqqəti tədbirdir.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən şəxsi istifadə üçün xaricdən gətirilən mallara qoyulan limit 200 avro təşkil edirdi.

İya Malkina bildirib ki, müəyyən olunmuş limitdən artıq mallar üçün, eləcə də çəkisi 31 kiloqramdan artıq bağlamalar üçün rüsum ödəmək lazım gələcək. Rüsumun məbləği bağlamadakı malların qiymətinin 15 faizi qədərdir və hər kiloqram üçün ən azı 2 avro təşkil edir.