İstehsalçı sahibkar vergi orqanına hansı məlumatları təqdim etməlidir?

2022.03.30 17:02 (UTC+04:00)

Orta sahibkarlıq subyekti hesab edilən ayaqqabı istehsalçısı istehsal olunan ayaqqabının xammal və material sərfi barədə vergi orqanına məlumat təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna edilməklə, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə müvafiq formada məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifəsidir. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, bu barədə dürüstləşdirilmiş məlumat təqvim ili ərzində vergi orqanına təqdim edilməlidir.

Qeyd olunan məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.4-2-ci və 57.3-cü maddələri