Şüşə tara məhsullarının istehsalı müəssisəsində işlərin 90%-i tamamlanıb

2022.03.18 17:02 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir və artıq müəssisədə avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb. Zavodda Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 130 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarından istifadə ediləcək.

Müəssisənin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 11,5 milyon dollar sərmayə yatırılıb və işlərin 90%-i tamamlanıb.

İstehsal prosesi üç növbəli olmaqla müəssisədə 160-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Glassica” QSC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.