Hazırda ölkədə mövcud sənaye parklarından biri Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır. Orada son dövrlərdə görülmüş işlərlə bağlı Oxu.Az-ın suallarını İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədri vəzifəsini icra edən Elşad Nuriyev cavablandırıb.
- Elşad müəllim, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasının əsas məqsədi barədə danışmağınızı istərdik.
- Dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli Fərmanı əsasında yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkı Qarabağımızın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yaradılıb.
Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin qurulması planlaşdırılır.
Eyni zamanda, Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Məlumat üçün bildirim ki, dövlət başçısının 2021-ci il 22 yanvar tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik ölkədə fəaliyyət göstərən altı sənaye parkının - Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsinin - Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri və 51 aqroparkın idarəedici təşkilatıdır. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsili Mərkəzi də fəaliyyət göstərir.
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bu günədək hansı işlər görülüb? Gələcəkdə hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?
- Diqqətinizə çatdırım ki, Cəbrayıl rayonu 30 ilə yaxın ermənilərin işğalı altında qaldığı müddət ərzində digər işğal edilmiş ərazilərimizdə olduğu kimi, minalanıb. Parkın ərazisində çoxlu sayda mina və partlamamış hərbi sursatlar yerləşdirilmişdi.
İlk olaraq Sənaye Parkının ərazisi bu mina və partlamamış hərbi sursatlardan tam təmizləndi. Sənaye Parkının 200 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri artıq başa çatdırılıb. Parkın konseptual planı hazırdır. Hazırda Sənaye Parkının ərazisində mobil tipli şəhərciyin qurulması istiqamətində tədbirlər həyata keçirilir, konteynerlərin yerləşəcəyi ərazidə dəmir-beton işləri görülür.
Bu işlərin davamı olaraq, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib.
Növbəti mərhələdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisində 630 kV-luq komplekt transformator məntəqəsinin, 10 kV-luq elektrik xətlərinin, daha sonra 25 MVt gücündə elektrik yarımstansiyasının və məişət tullantı sularının təmizləyici qurğusunun quraşdırılması nəzərdə tutulur.
Mobil şəhərcikdə yataqxana, yeməkxana, market, ofis, tibb məntəqəsi, aptek, ödəmə məntəqəsi, bankomat, məişət xidməti obyektləri və s. yaradılacaq, şəhərciyin ətrafında və daxilində asfalt yollar salınacaq.
- Bu Sənaye Parkına sahibkarlar tərəfindən nə dərəcədə maraq göstərilir?
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək.
Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır.
Hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.
- Burada sahibkarlar üçün hansı güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur?
- Hazırda ölkədə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da tətbiq ediləcək. Belə ki, parkın rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və yeddi il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Eyni zamanda, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin ediləcəklər və hazırda da bu istiqamətdə işlər görülür.
Burada vurğulamaq yerinə düşər ki, dövlət başçısının 10 dekabr 2021-ci ildə imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və s. kimi əlavə güzəştlərin də verilməsi nəzərdə tutulur.
Sonda onu da qeyd etmək istəyirəm ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında, digər sənaye parklarında olduğu kimi, sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür şərait yaradılacaq. Odur ki, iş adamlarını bu imkanlardan yararlanmağa və öz layihələrini reallaşdırmağa dəvət edirəm.