Dövlət Neft Fondunun vəsaiti ötən il 3,4 faiz artıb

2022.03.18 15:27 (UTC+04:00)

Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr Fərmanına əsasən Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri 8 milyard 1,2 milyon manat, xərcləri 12 milyard 249,4 milyon manat məbləğində təsdiq edilib. 2021-ci il 1 yanvar tarixinə Fondun vəsaiti 43 milyard 564,3 milyon ABŞ dolları və yaxud 73 milyard 488,7 milyon manat olub.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

Ötən ilin sonuna Fondun vəsaiti hesabat ilinin əvvəli ilə müqayisədə 1 milyard 460,8 milyon ABŞ dolları və ya 3,4 faizə qədər artaraq 45 milyard 25,1 milyon ABŞ dolları məbləğində olub. Eyni zamanda, manat ifadəsi ilə Fondun vəsaiti 2021-ci il ərzində dövrün sonuna 2 milyard 483,6 milyon manat artaraq 75 milyard 972,3 milyon manat təşkil edib.