Əmək hüququnun pozuntuları zamanı şərti cərimənin tətbiq olunması

2022.03.28 15:51 (UTC+04:00)

İnzibati xətanı törətmiş şəxs barədə cərimənin tətbiqinin əhatə dairəsi İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndində müəyyənləşdirilmişdir.

Əmək qanunvericiliyinə dair şərti cərimə tətbiq edilməsini nəzərdə tutan maddələr Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 539, 540.3 – 540.5 maddələridir. Həmin maddələrə əsasən:

• 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.10. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immun çatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 201. Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə – min beş yüz manat məbləğində cərimə edilir.

• 203. Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə – yeddi yüz əlli manat məbləğində cərimə edilir.

• 539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

• 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

• 539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə – vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

• 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

• 540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

• 540.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci və 4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə - vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur.

Misal: İşçi sosial məzuniyyətdə olduğu vaxtda əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun əmək müqaviləsinə xitam verilib. Halbuki Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçinin məzuniyyətdə olduğu dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Qeyd edilən hal İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş cərimə öhdəliyi yaradır. Maddəyə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu halda, həmin xətanı törətmiş vəzifəli şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ayadək müddətə vaxt verilir.

İşəgötürən işçini işə bərpa edir və bu barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verir. Səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır, məlumat təsdqini taparsa, cərimə tətbiq edilmir.